Mehmet Perincek: "Son bir neçə ildə erməni siyasi və elmi dairələri tərəfindən Rusiya, "soyqırım"ın ortaq günahkarı elan edilib"
İstanbul Üniversitenin Atatürk Dəyərləri və İnqilab Tarixi Araşdırma Mərkəzinin elmi əməkdaşı, Türkiyənin tanınmış araşdırmaçısı, politoloq Mehmet Perincekin Milli.Az xəbər portalına müsahibəsi“Qarabağ məsələsinin həlli üçün Qərbi Asiya Birliyinin yaranmalıdır”- Mart ayının 5-də baş tutması gözlənilən Azərbaycan-Ermənistan prezidentlərinin Soçi görüşündə hansısa sazişin imzalanması gözlənilirmi? Ümumiyyətlə, regiondakı hadisələri izləyən şəxs kimi, siz münaqişənin həllini necə görürsünüz?- İndiki məqamda hansısa bir nəticəni gözləmək xəyal olardı və bu məsələnin həllində proqressivlik görmürəm. Düşünürəm ki, problemi masa arxasında həll etmək elə də asan məsələ deyil. Qarabağ güclə işğal edilib və onu yenidən geri qaytarmaq güc yoluyla mümkündür. Burada güc, müharibə kimi başa düşülməməlidir, amma dediyim güc məsələsində müharibə faktoru da əsas yer tutur. Bu gün beynəlxalq birlik Ermənistana təzyiqlərini gücləndirdiyi təqdirdə, müharibəyə ehtiyac qalmayacaq və məsələ öz həllini tapa bilər. Eyni zamanda, bölgə dövlətlərini öz tərəfinə çəkməklə və güclü diplomatik yolla Ermənistana təzyiq etmək olar. Təbii ki, burada Türkiyənin üzərinə böyük vəzifə düşməkdədir. Qarabağ məsələsinin həll edilməsi üçün mən, Qərbi Asiya Birliyinin yaranması modelini irəli sürürəm və düşünürəm ki, bu uğurlu formul olar, münaqişənin həllinə kömək edərdi.
- Hansı formada kömək edə bilər?- Bu birliyin yaranması həm də Azərbaycanın mövqelərinin güclənməsinə səbəb olar. Ölkələrimiz arasındakı strateji işbirliyinin inkişafı problemlərimizin həllinə dayanmalıdır. Bu gün, Türkiyə separatçı terror və parçalanma təhdidiylə üz-üzədir, Azərbaycanın isə torpaqlarının kifayət qədər xeyli hissəsi işğal altındadır. Ən önəmli məsələ budur. Bu məsələləri həll edəcək bir işbirliyi formalaşmalıdır. Bölgəyə xarici müdaxilələrin və terrorun qarşısını almaq, bölgə ölkələrinin torpaq bütövlüyünü müdafiə etmək, təhlükəsizliyi və inkişafı, sülhü qoruyub saxlamaq üçün Türkiyə, Suriya, İraq, İran, Azərbaycan və KKTC-nin birgə iştirakı ilə ittifaq yaradılmalıdır. Bu ölkələr addım-addım gömrük rüsumlarını azaltmalı, aralarındakı ticarəti inkişaf etdirməli və öz imkanlarına sahib olmaq, iqtisadiyyatlarını inkişaf etdirmək, enerji yollarının təhlükəsizliyini terrorçuların hücumundan qorumaq, etnik və dinlərarası bölünmə hallarını və terror fəaliyyətini təsirsiz hala gətirmək üçün, xarici təhlükəyə qarşı birgə müdafiə olunmalı və müstəqilliklərini ortaq qorumalıdırlar.
Sizə onu da deyim ki, Qərbi Asiya Birliyinin də Şanxay Əməkdaşlıq Təşkilatı kimi, çox geniş və güclü bir əhatəsi ola bilər. Qərbi Asiya Birliyinin başlanğıcda bir necə ölkənin işbirliyi ilə başlayıb, sonradan genişlənməsi mümkündür.
Bu bölgə zəngin bölgədir. Dünya mədəniyyətinin kökləri bu coğrafiyadadır. Zəngin enerji, bol su qaynaqları vardır. Üstəlik, insan ehtiyatları və sənayenin inkişafı ümidvericidir. Türkiyə, bu coğrafiyanın kilid daşıdır. Birlik olaraq başlayıb, sonradan bəlkə də konfederasiya, hər tərəfli inkişaf prinsipinə dayanaqlı güc mərkəzinə çevriləcək. Bu isə, öz növbəsində, o zaman silah istifadə olunmadan, Qarabağ probleminin çözülməsinə kömək edəcək.
- Son illər Rusiyanın təşəbbüsü ilə baş tutan görüşləri də nəticəsiz saymaq olar. Görünən odur ki, münaqişənin həllində Rusiya variantı nəticə vermir. Nəticəsiz danışıqlar bölgədə müharibə riskini artırmı ki?- Qeyd etdiyim kimi, Qərbi Asiya Birliyinin qurulması müharibənin qarşısını alar. Həmçinin, Ermənistanın yeni iştahlara düşməsini də məhdudlaşdırar. Sarkisiyanın son çıxışında müharibə olarsa, Qarabağı tanıyacaqları ilə bağlı bəyanatı diqqət çəkicidir. Buna paralel olaraq, Ermənistan Silahlı Qüvvələrinin yenidən nəzərdən keçirilməsi və ordunun silahlandırılmasına cəhdlər onu göstərir ki, bölgədə müharibə riski mövcuddur. Ermənistanın Müdafiə Nazirliyi tərəfindən də hərəkətlilik hiss olunur. Bəzi erməni analitikləri bu hərəkətliliyi, ikinci Qarabağ müharibəsinə hazırlıq kimi dəyərləndirirlər. Hətta, belə bir fikir səslənir ki, bölgədə Qərbin enerji və onun çatdırılması ilə bağlı boru xəttlərinin təhlükəsizliyi təmin ediləcəyi təqdirdə, Qərb Ermənistanla müharibəyə göz yumacaq.
- Sizcə, hadisələr belə cərəyan edəcəyi təqdirdə Rusiyanın mövqeyi necə olacaq? - Rusiya əminliklə bu müharibəyə dəstək verməyəcək, hətta, onu da deyim ki, savaşın qarşısında duracaq. Digər tərəfdən, Moskvanın indiki durumda hərbi müdaxiləyə yaxşı baxmadığını söyləyə bilərik. Hazırda özünün vasitəci olduğu bir məsələdə silahlı qarşıdurma və ya müharibənin onun bir dövlət kimi, imicinə zərər verəcəyini şübhəsizdir. Digər tərəfdən, Kremldəkilər baş verəcək müharibə nəticəsində Vaşınqtonun bölgəyə təsir imkanlarının artacağını yaxşı bilirlər və bu baxımdan əminliklə deyə bilərəm ki, müharibə Rusiyanın maraqlarına cavab vermir.
Odur ki, bölgə ölkələri təşəbbüslərini artırmalı və münaqişənin həlli istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər. Türkiyə və İran da məsələnin həllinə daxil olarsa, Ermənistan işğalçılıq siyasətindən təcrid olar.
“Ermənilər “soyqırım”da Türkiyə ilə yanaşı, Rusiyanın da məsuliyyət daşıdığını bildirirlər”
- Bundan öncə, Rusiya və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşü baş tutdu. Necə düşünürsünüz, bunu Soçi görüşü öncəsi Rusiya tərəfindən Ermənistan prezidentinə mənəvi-siyasi dəstək saymaq olarmı?- Burada mən tam əksinə düşünürəm. Moskva ilə İrəvan arasında soyuqluq yarandıqca, birinci Ankara və Bakıya yaxınlaşmaqdır. Çünki, İrəvanın Vaşinqtona olan sevgisi, Kremli rahatsız edir və bunu Rusiyada görməyə bilməzlər. Son vaxtlar Amerika Qarabağ məsələsində təşəbbüs göstərməyə başlamışdır. Amerikanın fəallığı, Rusiyanı narahat edir. Çünki Rusiya Qarabağda hazırkı status-kvonun saxlanmasında maraqlıdır. Xüsusilə, rus kəşfiyyatının Amerika Ermənistanı Rusiyaya qarşı çıxmağa təhrik edəcəyi təqdirdə Qarabağın müstəqilliyini tanıyacağı vədini üzə çıxarması, iki ölkə arasında münasibətlərin gerilənməsinə səbəb olub. Medvedevin son səfərində Ermənistanla hərbi müttəfiqliyin müddətinin uzadılması ilə bağlı imzalanan sazişin də sırf Amerikaya gözdağı vermək niyyəti güddüyünü düşünürəm.
2009-ci ilin dekabr ayında Amerika konqresinin erməni işğalı altında olan Azərbaycan torpaqlarında fəaliyyət göstərən separtçi rejimə 8 milyon dollar ayırmasını, Amerikanın Ermənistana verdiyi vədlərin ilk sinqalları hesab etmək olar. Rusiya isə, Qarabağ problemində statusun-kvonun Azərbaycanın xeyrinə dəyişməsi yönündə addım ata bilər. Belə olan vəziyyətdə Azərbaycan Rusiyanı öz tərəfinə çəkə bilər. Məsələn, separtçı Qarabağ rejimində keçirilən seçkilərlə bağlı Rusiya Xarici İşlər Nazirliyinin saxta seçkilərə öz etirazını bildirməsi buna misaldır. İndi Ermənistanda Rusiyaya qarşı bir düşmənçilik siyasəti formalaşmaqdadır. Xüsusilə, son bir neçə ildə erməni siyasi və elmi dairələri tərəfindən Rusiya soyqırımın ortaq günahkarı elan edilmişdir. Bu dairələr erməni soyqırımında Türkiyə ilə yanaşı, Rusiyanın da məsuliyyət daşıdığını bildirirlər. Bu istiqamətdə də kitablar, qəzetlər çap edir, seminarlar keçirirlər. Bu məsələdə artıq Rusiya da Türkiyə kimi hədəfə alınmaqdadır. Qərbdə yaşayan erməni siyasi və elmi dairələri tərəfindən ortaya atılmasına baxmayaraq, Rusiya erməniləri arasında da bunun geniş təbliğatı aparılmaqdadır.
- Bu məsələlərlə konkret faktlar varmı?- Sizə bu məsələ ilə bağlı iki misal gətirəcəm. Hazırda Rusiyada ən böyük erməni cəmiyyəti olan Rusiya Erməni Birliyinın sədri, beynəlxalq hüquq məsələləri üzrə professor Y.G.Barseqovun rəhbəri olduğu bir heyət 2 cilddən ibarət “Erməni Soyqırımı” adı altında bir kitab hazırladı. 2003-cü ildə çap edilən əsərin birinci cildində Türkiyə hədəf alınarkən; kitabın ikinci cildinin ana başlığında “Türkiyənin Sorumluluğu və Dünya Birliyinin Öhdəçilikləri”dir. İkinci cildin birinci bölümü isə, “Erməni Soyqırımının Cinayətkar Ortaqları, Dəstəkləyənlər və Himayəçiləri” başlığı daşımaqdadır. 633 səhifəlik bu bölümdə tamamilə Sovet Rusiyası hədəfə götürülür və onun liderləri açıq şəkildə soyqırımın günahkarı elan edilməkdədirlər.
633 səhifə boyunca Sovet Rusiyasının erməni məsələsində Türkiyəni dəstəklədiyini göstərən faktlara da geniş yer verilib. Təbii ki, erməniləri bu oyunlara çəkən Qərb imperialistlərinə yönəlik tək bir cümlə, söz belə yoxdur. Tam əksinə, bu cildin ikinci bölümündə Qərb parlamentlərində qəbul edilən qərarlara, qanun layihələrinə və s. yer verilib.
Ermənilər bu istiqamətdə fəaliyyətlərini gücləndirmək məqsədilə 21 aprel 2006-ci ildə tarixçi Rafael Ambartsumyanın başçılığı altında İrəvanda mətbuat konfransı keçirildi. Tarixçi Rafael Ambartsumyan iddialarında daha da irəli gedərək, erməni soyqırımını türklərlərlə rusların birgə təşkil etdiyini bildirdi. Ambartsumyan iddialarını əsaslandırmaq üçün təkcə Sovet Rusiyası deyil, eyni zamanda çar Rusiyasının da məsuliyyət daşıdığını qeyd etdi. Erməni alimi mətbuat konfransında fikrini bu sözlərlə tamamlamışdı: ”Nəticə etibarilə baxdığımızda rus dövləti tərəfindən tövsiyə edilməmiş və ya əziyyət çəkməmiş bir dənə belə, böyük erməni sənətçisi, yazarının adını tapa bilməzsiniz”.
Amma, Ambartsumyanın mətbuat konfrasında erməni məsələsində Qərb dövlətlərinin hansı rolu oynadığını göstərən bir cümlə də yoxdur.
Elnur EltürkMilli.Az